Tennis üzrə mövsümün ilk “Böyük Dəbilqə” seriyalı turnirinin startına təxminən 1 ay vaxt qalıb. Ötən mövsüm “Austrailan Open”i təşkil etmək problemə çevrilməmişdisə, bu dəfə koronavirus Melburndakı təşkilatçılarının problemlərini artırıb. Ölkədə tətbiq olunan sərt karantin qaydaları artıq narazılıqların baş qaldırmasına səbəb olub.
“Australian Open”in təşkilat komitəsi turnirin startına 1 ay qalmış ciddi problemlə üzləşib. Halbuki, bir müddət əvvəl təşkilatçılar koronavirusla bağlı problemi həll etmək üçün karantin qaydaları ilə bağlı məsələdə tennisçilərlə razılığa gəlmişdi. Avstraliyada tətbiq olunan qaydalara əsasən, bu ölkəyə gələn turistlər 2 həftə karantinə alınmalıdır. Tennisçilərlə danışıqlar apardıqdan sonra onların da bu qaydalara əməl edəcəyi müəyyənləşmişdi. Amma təşkilatçılar bu problemi həll etdikdən sonra başqa çətinliklə üzləşib. Məsələ ondadır ki, tennisçilərin qalacağı Melburndakı otelin rəhbərliyi təşkilatşçıları məhkəməyə verməyə hazırlaşır. Otelin sahibi mətbuata açıqlamasında bildirib ki, qərar verməmişdən əvvəl onların heç bir razılığı alınmayıb. Belə bir çətin vəziyyətdə isə, mümkün virus daşıyıcılarını otelə buraxmaq istəmirlər. Xatırladaq ki, Avstraliya Açıq tennis turniri fevralın 8-də start götürəcək və 21-də başa çatacaq.